BAKI, 26 yanvar. TELEQRAF
Almaniyanın Bonn şəhərində yerləşən və ölkənin ən qədim traktiri sayılan “Şaumburqer Hof” 270 ildən artıq fasiləsiz fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, tarixi obyektin müflis olmasına sahədəki ağır iqtisadi böhran səbəb olub. Traktirin sahibləri koronavirus pandemiyasının nəticələri, əməkdaşlar üçün minimum əməkhaqqının kəskin artırılması və enerji daşıyıcılarının ciddi bahalaşması fonunda yaranan maliyyə çətinliklərinin öhdəsindən gələ bilməyiblər.
Məlumata görə, Bonn dairə məhkəməsi yanvarın əvvəlində “Şaumburqer Hof”la bağlı rəsmi olaraq iflas proseduruna start verib.
Traktirin bağlanması Almaniya üçün bütöv bir dövrün sona çatması kimi qiymətləndirilir. Müəssisənin tarixi 31 mart 1755-ci ildən başlayır. Həmin vaxt yerli şərabçı burada Reyn çayının axınına qarşı gəmiləri çəkən atlar üçün tövlələri olan bir tavernanı inşa edib. Zamanla bu məkan alman zadəganları və intellektual elitası arasında böyük populyarlıq qazanıb.
Müxtəlif dövrlərdə traktirin daimi qonaqları sırasında filosof Fridrix Nitse, şair Henrix Heyne və alim Aleksandr fon Humboldt olub.
Bundan əlavə, “Şaumburqer Hof” Almaniyanın siyasi tarixində də mühüm rol oynayıb. Məhz bu binada 1948-ci ildə Almaniya Konstitusiyasının hazırlandığı Parlament Şurasının iclasları keçirilib.
Xatırladaq ki, daha əvvəl Almaniya üçün Alternativ partiyasının həmsədri Alisa Vaydel Almaniyada, o cümlədən iri müəssisələrdə iflasların artmasının ölkə iqtisadiyyatı üçün kollaps təhlükəsi yaratdığını bildirmişdi.