BAKI, 25 dekabr. TELEQRAF
Dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri arasında görüş olub.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə əczaçılıq sənayesinin perspektivləri müzakirə edilib.
Tədbirdə vurğulanıb ki, əczaçılıq sənayesinə son illərdə ciddi investisiya cəlb edilib. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Burada bir sıra şirkətlər müxtəlif növ dərman vasitələri və tibbi ləvazimatların istehsalını həyata keçirir, digərləri isə istehsal planlaşdırır.
Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı layihələr icra edilir. “Scandens Pharmaceutical Industries LTD” tərəfindən inşa olunmuş, dövlət başçısının iştirakı ilə bu ilin noyabrında açılışı həyata keçirilmiş yeni zavod müasir texnologiyalarla istehsal potensialını artırır. Ələt azad iqtisadi zonasında həyata keçirilən “BioPharmax” layihəsi Azərbaycanda müxtəlif tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur.
Görüşdə həmçinin bildirilib ki, əczaçılıq sənayesində mövcud və tikilməkdə olan müəssisələr üzrə ümumi investisiyaların həcmi 265 milyon manatdan çoxdur.
Diqqətə çatdırılıb ki, qarşıda duran əsas vəzifə yerli istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və xaricdən asılılığın azaldılmasıdır.
Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.