BAKI, 25 dekabr. TELEQRAF
Qızılın dəyəri üç günlük artımdan sonra 0.06% azalaraq 4,503 dollara enib. Gümüşün unsiyası isə 70 dollardan yuxarı səviyyədə ticarət olunub. Həm qızıl, həm də gümüş 1979-cu ildən bəri ən yaxşı illik göstəricilərini nümayiş etdirib.
Teleqraf xəbər verir ki, qızılın 14 günlük nisbi güc indeksi (RSI) ötən gün 70-dən yuxarı olub ki, bu da qiymətin sabitləşəcəyinə və ya azalacağına dair xəbərdarlıq kimi qiymətləndirilir. Adətən 70-dən yuxarı göstəricilər aktivin həddindən artıq alındığını ifadə edir.
Dünya Qızıl Şurasının məlumatları cari ildə qızıla artan tələbin əsasən investisiya məqsədli olduğunu göstərib. Artan geosiyasi gərginliklər dövründə qızılın etibarlı investisiya aləti hesab olunması qızılın qiymətinin rekord səviyyələrə yüksəlməsi ilə nəticələnib. Bununla yanaşı, mərkəzi bankların qızıl alışını davam etdirməsi də qızılın bahalaşmasına öz təsirini göstərib. Bu dinamika 2022-ci ilin ikinci yarısından etibarən müşahidə olunur, lakin cari ilin 2-ci rübündə bu meyil 2024-cü ilə nisbətən bir qədər zəifləyib.
“Goldman Sachs” 2026-cı ildə qiymətlərin artacağını proqnozlaşdırır. Qurum 4 900 dollar səviyyəsində baza ssenarisi təqdim edir.
Analitiklər isə qızılda “öküz bazarı”nın 2026-cı ildə də davam edəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, qızıl qiymətlərinin artımında qlobal iqtisadi qeyri-müəyyənlik, mərkəzi bankların tələbatı və ABŞ-də faiz endirimi gözləntiləri əsas rol oynayacaq.