BAKI, 24 dekabr. TELEQRAF

Dünyada zərgərlik məmulatlarına tələbat artmaqdadır.

Teleqraf xəbər verir ki, 2018-ci ildə ( almazlara marağın azalmağa başladığı) zinət əşyalarına tələbat 76–78 milyard dollar səviyyəsində olduğu halda, 2023–2025-ci illərdə bu göstərici illik 83–85 milyard dollara yüksəlib.

Rusiyanın “Alrosa” şirkəti almaz–brilyant sənayesində qiymətlərin artacağını proqnozlaşdırır. Gözləntilərə əsasən, yaxın illərdə almazın qiyməti hazırkı 120–130 dollar səviyyəsindən təxminən 50% artaraq 1 karat üçün 189 dollara çata bilər.

Qeyd edək ki, qlobal brilyant istehlakında və ixracında dörd ölkə əsas - ABŞ, Çin, Hindistan, Yaponiya və Rusiya vacib rol oynayır.

2025-ci ilin avqustundan ABŞ Rusiya ilə neft ticarətinə görə Hindistana qarşı 50% idxal tarifi tətbiq edib. Bu, Hindistanın almaz və zərgərlik məhsullarının ABŞ-yə ixracının kəskin azalmasına gətirib çıxarıb. Hindistanın almaz ixracı ötən ilki səviyyədən təxminən 9% aşağı düşüb. Xammal idxalı isə illik müqayisədə cəmi 4,7% artıb. 2025-2026-cı illərdə almaz ixracının illik müqayisədə 7-10% azalaraq təxminən 12 milyard dollara düşəcəyi gözlənilir.

Bununla belə Hindistan brilyant zərgərlik məhsullarına tələbat baxımından hələ də Çini geridə qoyur. Hindistanın ən böyük iki zərgərlik şirkəti olan “Titan” və “Kalyan Jewellers”in gəlirləri 2025-ci ilin üçüncü rübündə müvafiq olaraq 30-35% artıb.

Yaponiyanın pərakəndə satışları 2024-cü ildə 1,130 trilyon yenə (7,17 milyard dollar) çatıb. Bu da son on ilin ən yüksək göstəricisidir. Bu il isə pərakəndə satışların 6,8% artaraq 1,207 trilyon yenə (7,66 milyard dollar) çatacağı gözlənilir.

Bazarın digər oyunçusu Rusiyaya gəlincə, Aİ və İsveçrənin də qoşulduğu G7 ölkələrinin 2024-cü ildə Rusiyadan brilyant, cilalanmış brilyant və zərgərlik məmulatlarının idxalına mərhələli qadağa qoyması, elə həmin ilin martında qüvvəyə minən ikinci mərhələdə qadağanın ən azı bir karat ağırlığında və üçüncü ölkələrdə kəsilmiş Rusiya brilyantlarına da şamil edilməsi, ölkənin ticarətini zəiflədib.

Onu da xatırladaq ki, son 20-30 ildə böyük almaz yataqları aşkar edilməyib. Paralele olaraq da təklif 2020-ci illərin əvvəllərindəki 120 milyon karatdan 2025-ci ildə 100-105 milyon karata düşüb.