BAKI, 29 oktyabr. TELEQRAF

Bu ilin yanvar–sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən, daxili dövlət borcu üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsi üçün 449,9 milyon manat vəsait xərclənib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, ilin əvvəlindən etibarən dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması və təkrar maliyyələşdirmə risklərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, dövlət istiqrazlarının vaxtı ötmüş hissəsinin daha uzunmüddətli istiqrazlarla əvəz edilməsi və bir sıra istiqrazların vaxtı çatdıqdan sonra təkrar maliyyələşdirilməsi nəticəsində 3 milyard131,9 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

Bununla yanaşı, cari ilin yanvar–sentyabr aylarında 1 439,6 milyon manat məbləğində əsas borc ödənişləri dövlət büdcəsinin və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondu”nun vəsaitləri hesabına investorlara geri ödənilib.

Beləliklə, doqquz ayda dövlət istiqrazları üzrə ümumilikdə 4 milyard 571,5 milyon manat məbləğində əsas borc ödənişi həyata keçirilib.