BAKI, 15 oktyabr. TELEQRAF

Bu ilin doqquz ayında "Bank BTB" ASC-nin zərəri 30% artıb.Maliyyə qurumu yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.

Teleqraf xəbər verir ki, bu il oktyabrn 1-nə "Bank BTB"nin aktivləri 389,268 milyon manat, öhdəlikləri 338,413 milyon manat olub. Yeri gəlmişkən, aktivlərin 276,304 milyon manatı müştərilərə verilmiş xalis kreditlər olub.

Beləliklə bankın aktivləri illik nisbətdə 5,7, öhdəlikləri 7 % artıb.

Qeyd edək ki, 2022-ci ildən maliyyə sıxıntıları içində olan bankın zərəri 2023-cü ilin sonunda 2,7 milyon manata çatıb. Buna baxmayaraq bank 2024-cü ili 839 min manat zərərlə başa vurduğunu açıqlayıb. Bu ilin ikinci rübündə isə bankın zərəri 1,6 milyon manat təşkil edib. Halbuki, Mərkəzi Bankın maliyyə sektoru üzrə hesabatında bu rəqəm 2 milyon manat göstərilir. Proseslər göstərir ki, bank son iki ildir maliyyə ilinin sonuna doğru zərərinin müəyyən hissəsini gizlətməklə bazarda qalmağa çalışır.

Bununla belə bankın 2022-ci il tarixinə qalıq zərəri 20 milyon 901 min manat, 2023-cü ildə 27 milyon 14 min manat, 2024-cü ildə 27 milyon 222 min manat olub.

2024-cü ilin aprelində bank 5,000 min AZN məbləğində subordinasiya olunmuş borcları konvertasiya etmək yolu ilə nizamnamə kapitalını artırıb. Vəsaitlərin illik faiz dərəcəsi 9%, son ödəmə müddəti isə 27 iyun 2028-ci il müəyyən edilib.

Hazırda 71 milyon 450 min manat nizamnamə kapitalına sahib "Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Nigar Mehdiyevadır (İsmayıl qızı). Xanım Mehdiyeva bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malikdir. Bununlada nizamnamə kapitalında 76.7376% paya malikdir. 12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq Rzanın (İsmayıl oğlu) nizamnamə kapitalında payı 17.6823%, 3 987 ədəd adi adlı sənədsiz səhmə sahib Tükazban Mahmudovanın nizamnamə kapitalında payı 5.5801%-dir.

Yeri gəlmişkən, Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb. Digər səhmdar Sadiq Rza isə onun qardaşıdır. 1987-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildən "Bank BTB" də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən bankın Müşahidə Şurasının sədri seçilib. O, həm də Rəssamlar İttifaqının üzvüdür.

Bir zamanlar Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini işləyən həkim-onkoloq Nigar Mehdiyeva və Sadiq Rzanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.

İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Məsələnin başqa tərəfi mənfəət əldə etməyən bankdan əhalinin şikayətləridir. İyul ayında bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.