
BAKI, 27 fevral. TELEQRAF
Dünya Bankının məlumatına görə, yanvarda Ermənistanda inflyasiya 1,7% təşkil edib. Bu da 2023-cü ilin aprelindən ötən müddətdə ən yüksək göstəricidir. Ekspertlər qiymət artımını əsas istehlak məhsullarının bahalaşması ilə izah edirlər. Bu məhsullarda qiymət artımı digər məhsulların da dəyərini yüksəldib.
Teleqraf xəbər verir ki, Ermənistandakı inflyasiyanın səbəblərindən biri də dövlət büdcəsini doldurmaq məqsədilə vergilərin artımıdır. Auditorlar Palatasının təmsilçisi Nayri Sarkisyan 2025-ci ildə inflyasiyanın 4%-dən çox ola biləcəyini qeyd edib.
O, inflyasiyanın qlobal bazarlardakı çətinliklərdən deyil, ölkədəki daxili səbəblərdən qaynaqlandığını bildirib.
Sarkisyan, ölkədə sənaye istehsalının inkişaf etmədiyini, turist axınının azaldığını və xidmət sektorunda durğunluq olduğunu bildirib. Qeyd edib ki, 2025-ci ilin büdcəsini doldurmaq üçün dövlət mal və xidmətlərin qiymətini, vergi dərəcələrini artırır.
Eyni zamanda, hakimiyyət əhali tərəfindən etirazlardan qorxaraq, sosial cəhətdən əhəmiyyətli tarifləri (məsələn, elektrik enerjisi) sabit saxlayır. Bu vəziyyətdə inflyasiyanın davam edəcəyi gözlənilir, əks halda büdcənin yerinə yetirilməsi çətin olacaq.
Qeyd edək ki, rəsmi statistik məlumatlara görə, Ermənistanda 2024-cü il üçün inflyasiya 1,5% təşkil edib. 2023-cü ilin ortalarından isə inflyasiya səviyyəsi sıfıra yaxın, bəzi hallarda mənfi olub.