BAKI, 16 mart. TELEQRAF
“Sizinlə bir yerdə olmaq mənim üçün böyük qürurdur. Ümid edirəm ki, qarşıdakı ildə çox yaxşı təcrübə keçə bilərik və bu müddət ərzində bərabər olacağıq”
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın U-20 milli komandasının yeni baş məşqçisi Rui Jorje təyinatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
- Bundan əvvəl həmyerliniz Fernandu Santuş da burada çalışıb. Onunla bura gəlməmişdən öncə hər hansı danışığınız olub?
- Uğur qazanmaq üçün çalışmaq lazımdır. Bunu nə mən, nə də başqa bir məşqçi qarantiləyə bilməz. Bir komandada uğur qazanmaq futbolçuların istəyindən və əzmindən asılıdır. Bunlar üzərində çalışaraq yüksək səviyyədə çıxış etmək istəyində olmalıdırlar. Bunları hazırlaya bilsək, əlbəttə, uğur qazana bilərik. Fernandu Santuşla da, onun köməkçiləri ilə də danışmışam. Həm ölkə, həm də insanlar haqqında çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən yalnız müsbət şeylər eşitdim. Onunla danışığımdan sonra bura gəldim və onun dediklərinin doğru olduğunu gördüm.
- Yəqin fərqindəsiniz ki, Azərbaycan U-20 millisi Portuqaliyanın U-21 ilə eyni deyil. Futbolçu seçimi geniş deyil. AFFA ilə hər hansı danışığınız olacaqmı ki, gənc oyunçular necəsə öz klublarında daha çox şans qazansınlar?
- Hal-hazırda bununla bağlı danışıq və ya təklifim olmayıb. Çempionatla tanışam, təcrübəmə əsasən deyə bilərəm ki, futbolçuların yetişməsində klubların rolu önəmlidir. Azərbaycan millisinin Portuqaliya yığması ilə eyni olmadığını və futbolçuların da eyni olmadığını çox yaxşı bilirəm. Amma onu deyə bilərəm ki, Portuqaliya U-21 ilə uğur qazanan zaman dünya reytinqində 19-cu yerdə idi. Avropa reytinqində isə üçüncü sırada idi. Bu, futbolçuların keyfiyyətindən söz açır. Bizim əsas məqsədimiz bunu əldə etməkdir.
- Fernandu Santuş bizim qonaqpərvərliymizdən danışıb, bəs futbolumuzdan nə deyib?
- O əsas millidə idi, bunlar fərqlidir. Onun tələbləri ilə mənim tələblərim eyni deyil. Onunla danışığım ölkə və bayaq dediyim amillər barədə idi. Yerdə qalanlar mənim öz işimdir.
- 12-13 il öncə Portuqaliyanın U-21 komandası bizim milli ilə qarşılaşıb və qələbə qazanmışdı. Jorje həmin dönəm bizim futbolçuları tərifləmişdi. Ona Azərbaycandan təklif gələn zaman yəqin ki, keçmiş oyunlarımıza baxıb. Ümumən hansı oyunlarını nəzərdən keçirib?
- Dərhal 2013-cü ildəki oyunumuzu xatırladım. Hazırda da beynimdə harada oynadığımızı və ikinci qolumuzu yaxşı xatırlayıram. Federasiya ilə danışıqlardan öncə Azərbaycanım U-19 yığmasının oyunlarını izləmişəm. Bu Malta, Polşa ilə matçlar idi.
- Həmin oyunlara baxaraq beyninizdə hər hansı sistem qurmusunuz?
- Sərxan Hacıyevlə danışmamışdan öncə bu iki oyuna baxmışdım. Sonra isə Çexiya, Şimali İrlandiyaya qarşı və digər görüşləri izlədim. Hansı sistemdə oynayacağımızı hələlik təyin etməmişik. Bizim əsas məqsədimiz futbolçulardan nə əldə edəyimizi bilməkdir.
- Başqa təklifləriniz olmuşdu?
Başqa təkliflərim də olmuşdu. Ürəyimcə olan layihə olmamışdı. Portuqaliya Futbol Federasiyası ilə müqaviləm bitdikdən sonra AFFA-dan təklif gəldi. Buraya gəlib AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Sərxan Hacıyevlə danışığım oldu. Mənimlə danışıqlar zamanı pozitiv və istəkli olduqlarını hiss etdim və bu məndə qərar verməkdə kömək oldu.
- Nəyə əsasən pozitiv düşünürsünüz?
- Əminliklə bildiyim şey, DÇ-nin final mərhələsində çıxış edəcəyimizdir. Burada biz hər hansı əziyyətimizlə çıxış etməyəcəyik, qaydalara uyğun olaraq ev sahibi oldumuz üçün oradayıq. Öncəki təşkilatçı ölkələr arasında fərqin olduğunu da bilirəm. Aşağı yaş futbolçuların inkişafında da problemlərin varlığını bilirəm. Məqsədimiz bu fərqi azaltmaqdır. Bizimlə çalışan hər bir futbolçunun Azərbaycan futbolunun gələcəyi olması üçün çalışacağıq.