Natiq Miri: “Ağdam və Füzulini azad etsək, dünya gündəminə çıxa bilərik”

Fransada baş verən terror aktlarından sonra terrorizmlə mübarizə məsələsi yenidən gündəmə gəlib. Dünya liderlərinin qatıldığı G-20 sammiti çərçivəsində də terror hadisələrinə geniş şəkildə münasibət sərgiləndi.

Bu sammitə qatılan Azərbaycan Prezidenti İlham Əliyev də çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən terrora məruz qalmasını bir daha diqqətə çatdırdı. Lakin görünən odur ki, dünya liderləri Dağlıq Qarabağ münaqişəsinin həllini Suriya və Ukrayna kimi prioritet hesab etmir.

Belə olan halda Azərbaycan nə kimi addımlar atmalıdır ki, Qarabağ məsələsi, erməni terrorizmi dünyaya diktə etmək istəyən güclərin diqqət mərkəzində olsun?

Məsələyə münasibət bildirən politoloq Natiq Miri deyib ki, Dağlıq Qarabağ məsələsi dünya güclərinin xarici siyasətində prioritet deyil. Onun sözlərinə görə, bu məsələ dünya gücləri, eləcə də Rusiya tərəfindən dondurulmuş sayılmasa da, fakt odur ki, münaqişə dondurulub: “ATƏT-in Minsk qrupu həmsədrləri zaman-zaman regiona səfər etməklə atəşkəsin pozulmasının qarşısını almağa xidmət edirlər. Bu məsələni sülhə daşımaq üçün konkret planların razılaşdırılması yönündə nə isə bir iş görmürlər. Bu gün atəşkəs həmin dünya güclərinə sərf edir. Rusiyanın indiki şəraitdə başı qarışıqdır, çünki bu ölkə Ukraynadan Suriyaya transfer etməklə aktiv hərbi fazada fəaliyyət göstərir. Məhz bu baxımdan iki cəbhədə döyüşməməsi üçün Ukraynada müvəqqəti olsa da, savaşı dayandırıb. Hazırda Dağlıq Qarabağda yeni bir savaşın başlanması Rusiyaya heç bir mənada sərf etmir. Çünki Ermənistan Rusiyanın strateji müttəfiqidir, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baxımından Ermənistan və Azərbaycan arasında bir savaş olarsa, Rusiya ermənilərə yardım etməlidir. Bu da Rusiyaya müəyyən çətinliklər yaradır və buna görə də atəşkəs rejiminin davam etməsində Rusiya daha çox maraqlı görünür.

Rusiya həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bir neçə rayonun boşaldılması ilə Azərbaycanı öz orbitinə çəkmək istəyir. Ən azından ölkəmizin Avrasiya İttifaqına üzv olmasını istəyir ki, bu da dünya gücü və həmsədr olan ABŞ-ın geosiyasi maraqlarına uyğun gəlmir. Çünki ABŞ-ın Cənubi Qafqazda strateji ölkəsi olan Azərbaycanda və Xəzər hövzəsində çox ciddi goestrateji maraqları var və Azərbaycan kimi bir ölkənin yenidən Rusiyanın orbitinə qayıtmasına heç bir vəchlə razı ola bilməz. Amma Rusiya bunu istəsə belə, müxtəlif təxribatlar yolu ilə ABŞ prosesi dayandıracaq. Məhz ABŞ-ın bu cür davranışından Ermənistan rəhbərliyi çox gözəl istifadə edir və cəbhə xəttində olan təxribatları da hər gün müşahidə edirik. Çünki belə bir vəziyyət Sarkisyan hakimiyyəti üçün dünya gücləri arasında ayrı bir imkan tanıyır. Diqqət etsək görərik ki, ABŞ, Avropa və Rusiya kimi dünya güclərinin həm regionda, həm də qlobal səviyyədə geosiyasi maraqları uzlaşa bilmədiyi üçün Dağlıq Qarabağ problemi də öz həllini tapa bilmir. Ona görə də Azərbaycanın nə edib-etməməsinə rəğmən bu məsələ dünya gücləri üçün prioritet ola bilmir. Suriya və Ukrayna problemi öz çözümünü tapmadıqca, Dağlıq Qarabağ cəbhəsində hər hansı bir irəliləyişin olması mümkün deyil”.

N.Miri vurğulayıb ki, Azərbaycan BMT-yə tamhüquqlu üzv olandan bəri həmin beynəlxalq qurumun nizamnaməsinə görə öz gücü vasitəsilə işğal olunmuş ərazisini azad etməyə tam hüququ çatır. Onun sözlərinə görə, Azərbaycan hər an bu hüququndan istifadə edə bilər və hüquqi baxımından heç bir dünya gücü dövlətimizə bir söz deyə bilməz: “Düşünürəm ki, lokal və çox sürətli hərbi əməliyyatlar keçirməklə Ağdam və Füzuli kimi bir neçə rayon azad edilmiş olsa, Azərbaycan dünyanın gündəminə çox sürətlə gələ bilər. Çünki dünya gücləri Cənubi Qafqazda yeni bir savaşın olmasını istəmirlər. Ona görə ki, bu müharibə Ermənistanla Azərbaycan arasında məhdudlaşacaq bir savaş olmayacaq. Burada İran, Türkiyə, Rusiya kimi regional “aktyorlar” var ki, onların bu müharibəyə qatılma təhlükəsi var. Çünki Ermənistan Rusiyanın müttəfiqi olduğu kimi Türkiyə də Azərbaycanın müttəfiqi, qardaş ölkəsi sayılır. Başqa tərəfdən, Türkiyə NATO-nun tamhüquqlu üzvüdür. Bu baxımdan baş verə biləcək savaş nəticəsində dünya güclərinin qarşı-qarşıya gəlməsi və böyük bir müharibənin başlaması təhlükəsi var. Hesab edirəm ki, hər hansı lokal əməliyyatların keçirilməsi planı Azərbaycanın masasının üzərində var. Ancaq bunun üçün həm regional, həm də qlobal geosiyasi vəziyyəti düzgün qiymətləndirmək lazımdır ki, bu proses Azərbaycanın əleyhinə çevrilməsin. Əks təqdirdə bu prosesdə Azərbaycan uduzan tərəf ola bilər. Ona görə də bütün bu məsələlər tərəzidə çox ciddi şəkildə ölçülməli və bundan sonra lokal hərbi əməliyyatlara başlanıla bilər. Hesab edirəm ki, Dağlıq Qarabağ probleminin dünya güclərinin prioritetlərindən biri olması üçün lokal əməliyyatların başlanması planlardan biri ola bilər”.

BƏXTİYAR