BAKI, 4 fevral. TELEQRAF
1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
"Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
***
14:20
CƏLİLABAD, 4 fevral. TELEQRAF
Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşının iki övladını baltalayan kənd sakini Əli Nağıyev ölüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Ə.Nağıyevin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Ə.Nağıyev xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, dəfələrlə məhkum olunan Nağıyev qaraciyərinin serrozu xəstəliyindən əziyyət çəkirdi.
Onun meyiti rayon "Cümə" məscidinə gətirilib və dəfn olunacaq.
Xatırladaq ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.
Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Nağıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılmışdı.