BAKI, 15 sentyabr. TELEQRAF

Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər - 31 yaşlı İ.Qardaşxanlı, 20 yaşlı S.Nasib və 21 yaşlı V.İsmayılov saxlanılıblar.

Onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb.

Saxlanılanlar ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.