BAKI, 12 sentyabr. TELEQRAF

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bundan əlavə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 20 fakt aşkarlanıb.