BAKI, 27 avqust. TELEQRAF

Hindistanda fermer timsahın qurbanı olub.

Teleqraf xəbər verir ki, hadisə Karnataka ştatının Kunçaqanur kəndində baş verib.

38 yaşlı Kaşappa Hanamanta Kambali öküzlərini Krişna çayına apararkən qəflətən yırtıcının hücumuna məruz qalıb. Timsah onu suyun altına çəkib aparıb.

Axtarışlar beş saat davam edib, lakin kişini tapmaq mümkün olmayıb. Onun cəsədi suda aşkarlanıb. Yerli hakimiyyət orqanları sakinləri yağış mövsümündə çaylardakı təhlükə barədə xəbərdar edib, çünki bu dövrdə timsahlar çaylarda fəal hərəkət edirlər.

Qeyd edək ki, bu, 2025-ci ildə bölgədə timsahların insanlara ölümlə nəticələnən üçüncü hücumudur. İyul ayında qonşu Bijapur rayonunda timsah 12 yaşlı oğlanı yeyib.

Meşə departamentinin məlumatına görə, Krişna çayında timsahların sayı 200-ü keçir, bu da xəbərdarlıq işarələrinin və hasarların quraşdırılmasını tələb edir. Hakimiyyət orqanları ölənlərin ailələrinə 500 min rupiyə qədər (təxminən 9700 AZN) kompensasiya ödəyir, lakin yerli sakinlər daha effektiv müdafiə tədbirləri tələb edirlər.