BAKI, 15 avqust. TELEQRAF

Xaricdə yaşayan blogger Rəfael Piriyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, R.Piriyevin barəsində olan cinayət işi üzrə istintaq avqustun 11-də başa çatıb.

R.Piriyev və onun vəkilinə hüquq və vəzifələri izah edilib. Onlara 2025-ci il avqustun 21-dən etibarən cinayət işi ilə tanış olmaları üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şərait yaradılacaq.

R.Piriyevə izah edilir ki, istintaqa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən barəsində qiyabi icraat üzrə iş məhkəməyə göndərilə, bu, məhkəmənin qiyabi hökmü və ya digər yekun aktının çıxarılması ilə nəticələnə bilər.

Bu prosessual tədbirlər başa çatdırıldıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, R.Piriyevə Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 7 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 7 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, ötən günlərdə xaricdə yaşayan bloggerlər Elşad Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.