BAKI, 2 may. TELEQRAF

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib, ölən var.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə mayın 2-də günorta saatlarında H.Z.Tağıyev qəsəbəsi, Əkinci küçəsində yerləşən İdeal Kərpic Zavodunun həyətində qeydə alınıb.

1980-ci il təvəllüdlü Natiq Haqverdiyev idarə etdiyi yük maşınını həmin ərazidə saxlayıb. Bu zaman güclü külək daş hasarı "Kamaz"ın kabinasının üzərinə aşırıb.

Nəticədə N.Haqverdiyev kabinədə sıxılaraq qalıb və ciddi xəsarətlər alıb. Hadisə yerinə yaxınlıqda olan "Traktor"un sürücüsü ona kömək etməyə çalışıb.

Sürücü kabinədən çıxarılaraq təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. N.Haqverdiyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.