Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 13-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Martın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı tapança, 1 qumbara, 4 tüfəng və 42 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
Martın 13-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 3 ədəd alışdırıcı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 13-də ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin, 1,3 kiloqrama yaxın marixuana və tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.