Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 24-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqramdan çox heroin, 7,7 kiloqrama yaxın marixuana, 77 qram artıq tiryək, həmçinin 245 qram metamfetamin, 479 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.