Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 63, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

Polis əməkdaşlarının yanvarın 21-də və 22-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqramdan çox heroin, 7,2 kiloqrama yaxın marixuana, həmçinin 65 qramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də və 22-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.