Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, bölməyə əvvəllər məhkum olunmuş, paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir.