BAKI, 19 noyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında “sarı xətt”in qərbində məqsədyönlü hərbi əməliyyata başladığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat İsrailin Ümumi Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilir və məqsəd İsrail hərbçilərinə birbaşa təhlükə yaradan tunelin məhv edilməsidir.
“Əməliyyatdan əvvəl mülki əhaliyə əraziyə yaxınlaşmamaq və həmin istiqamətdə yolun bağlanması barədə xəbərdarlıq edilib”, – açıqlamada qeyd olunub.
İsrail ordusu bölmələrinin atəşkəs razılaşmasına uyğun olaraq bölgədə yerləşdirildiyini və təhlükələrin aradan qaldırılması üçün əməliyyatları davam etdirəcəyini bildirib.
Daha əvvəl “Ynet” portalı İsrail qüvvələrinin Qəzzanın mərkəzi hissəsində HƏMAS-ın hərbi obyektlərinə qarşı əməliyyata başladığını yazıb.
“The Times of Israel” isə Fələstin mediasına istinadla İsrail tankları və zirehli texnikasının 2025-ci ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra ilk dəfə Qəzzanın mərkəzi hissəsində irəlilədiyini bildirib.
Xatırladaq ki, 2025-ci ildə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında iki mərhələli atəşkəs razılaşması əldə olunub.