BAKI, 19 noyabr. TELEQRAF
Oman sahillərində, Hörmüz boğazında daha bir tanker hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Xasab şəhərindən 6 dəniz mili şimalda baş verib. Tankerə naməlum mərminin düşməsi nəticəsində mühərrik bölməsində yanğın başlayıb.
Gəmiyə dəyən ziyanın miqyası hələlik məlum deyil. Xəsarət alanlar barədə məlumat verilməyib.
Noyabrın 18-də Xasabdan 13 dəniz mili şimalda başqa bir tanker də hücuma məruz qalıb. Gəmidə baş verən yanğın söndürülsə də, ekipaj üzvlərindən biri itkin düşüb. Onun axtarışları davam etdirilir.
Hücuma məruz qalan tankerlərin adları və qeydiyyat limanları açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 16-17-də də Hörmüz boğazında tankerlərə hücumlar qeydə alınıb. Həmin hadisələrdən sonra Oman xilasediciləri yanğın baş verən “Tara Gas” adlı mayeləşdirilmiş qaz tankerindən 24 ekipaj üzvünü təxliyə ediblər.