BAKI, 19 noyabr. TELEQRAF

Venesuela ABŞ üçün regional təhlükə olmaqdan çıxaraq təhlükəsizlik sahəsində itaətkar tərəfdaşa çevrilib.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Hegset Karakasda iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanması münasibətilə keçirilən mərasimdə bildirib.

“Venesuela bizə qarşı ən aqressiv regional təhlükədən ABŞ-nin dəstəyi ilə silahlı qüvvələrini bərpa etmək yolunda irəliləyən itaətkar təhlükəsizlik tərəfdaşına çevrilib. Biz hərbi sahədə təbii və tarixi tərəfdaşlığımızı bərpa edirik”, – nazir vurğulayıb.

Hegsetin sözlərinə görə, Vaşinqton narkokartellərlə mübarizədə Venesuelanın ərazi bütövlüyünün bərpasına da kömək etməyi planlaşdırır.

O əlavə edib ki, ölkənin üzləşdiyi problemlərin qısa müddətdə həll olunacağını gözləmək real deyil.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılıblar. Narkotik ticarətində iştirakda ittiham olunan cütlük özünü təqsirli bilməyib. Hazırda Venesuelada dövlət başçısı səlahiyyətlərini Delsi Rodriqes icra edir.