Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının başlaması Ermənistan üçün müsbət gəlişmədir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armina Marqaryan deyib.
“Əgər dövlətin məqsədi qonşuları ilə qonşuluq münasibətləridirsə, hər bir dövlət delimitasiya və demarkasiya edilmiş dövlət sərhədinin olmasında maraqlı olmalıdır. Buna görə də, başlayan prosesi müsbət adlandırmaq olar. İndi Ermənistan vətəndaşları arasında proseslə bağlı obyektiv və subyektiv narahatlıqlar var. Əgər proses konstruktiv, qarşılıqlı inam mühitində irəliləsə, orta perspektivdə Ermənistanın subyektivliyinə, suverenliyinin möhkəmlənməsinə, uzunmüddətli perspektivdə isə regional təhlükəsizlik və sabitliyin bərqərar olmasına töhfə verə bilər”, - ekspert bildirib.
Marqaryan hesab etmir ki, 4 kəndin qaytarılmasından sonra Azərbaycan Ermənistana hücum edəcək. O, bu barədə Ermənistanda yayılan iddia ilə razılaşmadığını söyləyib.
Keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi etirazlara gəlincə, erməni politoloq bunun uğur qazanacağını düşünmür: “Bu hərəkat əvvəldən uğursuzluğa məhkum idi, çünki onu geniş ictimaiyyət üçün qəbuledilməz siyasi qüvvələr dəstəkləyir”.