Separatçı hərbi xuntanın Azərbaycan ərazisindən təmizlənməsi ilə bağlı faktiki olaraq ölkəmizin hər yerində suveren hüquqları bərpa olundu. 8 kənd işğal altındadır, bu məsələ də yoluna qoyulacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

Onun sözlərinə görə, bu qələbənin ən böyük payı, uğuru cənab Prezident İlham Əliyevdir:

"Prezident İlham Əliyev 20 il öncə, 2003-cü il oktyabrın 15-də Qarabağın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarını tam və bütöv bərpa olunacağına söz vermişdi. Verdiyi sözlərin hamısını reallıqda həyata keçirdi. İşğal dövründə xarici dövlətlərin belə dəstəklədiyi erməni xuntasının, havadarlarının bütün arzuları, istəkləri ürəklərində qaldı. Verdiyi sözün ağası olaraq, İlham Əliyevin adı tariximizin yeni səhifələrinə qızıl hərflərlə həkk olundu. Eyni zamanda qarşıya qoyulan məqsədlərdən digərinin reallaşması uğurunda da böyük fəaliyyət göstərir. Bu məsələdə şəxsən prezident əlini daşın altına qoyub. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı irəli sürdüyü ideyaların və həyata keçməsi üçün danılmaz fəaliyyəti, dünya ölkələrinin BMT-nin Avropa İttifaqının parlament müzakirələrində gündəmə salınması ilə nəticələndi. Əminəm ki, İlham Əliyev növbəti prezidentlik dövrlərində də ölkəmizin əbədi, əzəli torpaqları olan Qərbi Azərbaycan deyilən hissəsində də bayrağımızı ucaltmağa qərarlıdır".

Professor bildirib ki, bu günlərdə Azərbaycana qarşı yenidən revanşist qüvvələrin Ermənistan hakimiyyətinin sürükləyənlərin arzuları ürəyində qalacaq:

"Fransa 14-dən çox koloniyanı ayaqda saxlayıb, Əlcəzairdə milyondan çox insana soyqırımı təşkil edib. Bütün bu vəhşiliklərin hamısı tarixin gözü qabağında baş verib. Bu halda yenidən Ermənistanın cinayətkar qüvvələrini, bunu törədən revanşist hərbi canilərini silahlandırmaq eşqinə düşüb. Hesab edirəm ki, cənab prezidentin irəli sürdüyü ideyaların hamısı necə reallaşdısa, bu da eynən müvəfəqqiyətlə həyata keçəcək".