BAKI, 27 aprel. TELEQRAF
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Sabah” - “Qarabağ” matçından sonra paltardəyişmə otağına gedən tuneldə qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadəyə hücum çəkən qonaqların yarımmüdafiəçisi Marko Yankoviçi ağır cəza gözləyir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı məsələyə sabah AFFA İntizam Komitəsinin keçiriləcək iclasında baxılacaq.
İclasda AFFA İK əvvəlcə yarımmüdafiəçinin matçın final fitindən sonra Rəvan Həmzəzadənin qərarına etiraz edərək ikinci sarı vərəqə ilə cəzalanmasına münasibət bildirəcək. Futbolçu sırf bu intizam pozuntusuna görə 1 oyunluq cəzalanacaq, klubu isə 2500 manat cərimə olunacaq.
Yankoviçin ən ağır cəzası isə meydanda və paltardəyişmə otağına gedən tuneldə Rəvan Həmzəzadəyə hədə-qorxu və təzyiq göstərməsidir. Futbolçunun yol verdiyi intizam pozuntusunun sanksiyası 4 oyundan 8 oyuna qədər matça buraxılmamanı nəzərdə tutur. Belə olan halda AFFA İK Yankoviçə ən ağırı - 8 oyunluq cəzanı tədbiq edəcək. Futbolçunun bu davranışı kluba əlavə 8000 manata başa gələcək.
Qeyd edək ki, Yankoviçin “Qarabağ”la sözləşməsi 2027-ci ilin yayına qədərdir. Ümümilikdə 9 oyuna qədər cəza futbolçunun növbəti mövsümdə kubok yarışlarından kənarda qalması deməkdir.
Onu da bildirək ki, birdən çox intizam pozuntusunun eyni vaxtda törədilməsi halında intizam orqanı tərəfindən intizam tədbirləri toplanır. Bu halda daha ağır intizam tədbirinin üzərinə digər intizam tədbirinin ən çoxu yarısı gəlinə bilər. Əgər alınan nəticə kəsr ədəd olarsa, yuxarıya doğru tam ədədə yuvarlaqlaşdırılır. Bu qayda cərimə intizam tədbirinə şamil olunmur. Törədilmiş intizam pozuntularına görə müəyyən edilən cərimələr adi qaydada toplanır.