BAKI, 15 aprel. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Okan Burukun yayda başa çatacaq müqaviləsi ilə bağlı yekun qərarını verməyə hazırlaşır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” 53 yaşlı mütəxəssislə bağlı son qərarı növbəti ay açıqlayacaq.

Son iki turda itirilən xallar Okan Burukun tənqid olunmasına səbəb olsa da, klub rəhbərliyi onunla yola davam etmək niyyətindədir. “Qalatasaray” mövsümü çempion kimi tamamlayarsa və Dursun Özbek may ayında keçiriləcək prezident seçkilərində yenidən qalib gələrsə, ilk addım Okan Burukla yeni müqavilənin imzalanması olacaq.

Qeyd edək ki, hazırda 68 xalı olan “Qalatasaray” mövsümü zirvədə başa vuraraq ardıcıl 4-cü çempionluğunu qazanmağı hədəfləyir.