BAKI, 9 mart. TELEQRAF
"Oksford Yunayted" futbol klubu akademiyasının 15 yaşlı üzvü Ameliya Eplinin faciəvi ölümü ilə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, hadisə klubun Horspat məşq mərkəzində, "Oksford" və "Fulhem"in qızlardan ibarət akademiya komandaları arasındakı matç zamanı baş verib.
Gənc qapıçı oyunun gedişində qəfildən yerə yıxılıb. Hər iki klubun tibbi heyətinin və hadisə yerinə çağırılan təcili yardım xidmətinin müdaxiləsinə baxmayaraq, xəstəxanaya çatdırılan Ameliyanın həyatını xilas etmək mümkün olmayıb. Klubun bəyanatında deyilir: "Dərin kədər hissi ilə 15 yaşlı akademiya oyunçumuz Ameliya Eplinin ölümünü elan edirik. Bütün "Oksford"un duaları Ameliyanın ailəsi, dostları və komanda yoldaşları ilədir".
Faciə ilə əlaqədar "Oksford Yunayted"in qadın komandasının martın 8-nə planlaşdırılan "Real Bedford"a qarşı oyunu təxirə salınıb.