BAKI, 17 fevral. TELEQRAF
"İngilis klubları çox sürətli və fiziki baxımdan çox güclü klublardır. Bunlara baxmayaq, çox yaxşı hazırlaşdığımızı düşünürəm. Öz şanslarımızdan istifadə edəcəyimizə inanıram".
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kamilo Duran Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsini çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
Kolumbiyalı oyunçu görüşə hazır olduqlarını deyib: "Bizi tarixi və çətin oyunun gözlədiyinin fərqindəyik. Öz azarkeşlərimizin önündə oynayacağıq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Mən çox xoşbəxtəm ki, “Qarabağ”la bu yolu keçirəm. Hazırda karyeramın ən uğurlu dönəmidir. Gəncəm, öz keyfiyyətlərimi daha da yaxşılaşdırmalıyam".
Duran Dünya çempionatında Kolumbiya yığmasına dəvət gözləməsi ilə bağlı suala belə cavab verib: "Bu mövsüm həqiqətən uğurlu keçirirəm və buna görə də xoşbəxtəm. Millidə oynamaq bir kolumbiyalı kimi mənkm arzumdur. Belə oynayacağım təqdirdə dəvət olunmağa daha da yaxın olacam. Amma real dəvət hələki yoxdur".
Futbolçu bu görüşdə qol vuraraq bir mövsümdə 5 qol vurmuş Radamel Falkao və Cekson Martinesin rekordunu təkrarlamaq ehtimalı və Kolumbiya futbol tarixinə düşməsinin mümkünlüyünə inandığını bildirib: "Keçən həftə oyunlar olsa da, "Nyukasl"la görüşü düşünürdüm. Buna hazıram".