“Böyük tərcübə əldə edə biləcəyimiz bir oyundur. Pley-offda oynamaq Azərbaycan futbolu tarixi üçün ilkdir. “Nyukasl” çox güclü bir klubdur. Onlar dünyanın ən güclü liqasında çıxış edirlər”

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsini çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

“Oyuna çox da yaxşı hazırlaşa bilməmişik. Futbolçularım bu oyuna inamla yanaşırlar. Onların hər biri ən yaxşı oyunlarını oynayacaqlarına əminəm. İngiltərə Premyer Liqasında heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir. Onlar rəqibə öz oyunlarını oynamağa imkan verməyən kollektivdir. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Baxmayaraq ki, rəqib bizdən daha fiziki baxımdan güclüdür, öz oyunumuzu oynayacağıq. Komandaların ümumi durumuna baxsaq, favorit “Nyukasl”dır. Amma minimum olaraq Bakıda qalib gəlmək istəyirik. Sabah çəkinməyərək meydana çıxacağıq. Mən və futbolçular həvəsliyik, amma yekun nəticəni deyə bilmərəm. Biz düzgün yoldayıq və böyük turnirdə böyük klubların sırasındayıq. Bu bizə əlavə inam və motivasiya verir. İnanıram ki, builki performans bizə gələcəkdə kömək olacaq.” - Qurbanov əlavə edib.

- Pley-offun iki matçdan ibarət olduğunu düşünsək, sabah “Qarabağ”dan daha ehtiyatlı oyun görə bilərikmi?

- Həmişə hücumda çıxış etsək də, müdafiədə də ehtiyatlı oynamağa çalışmışıq. Burda bəzi amillər var. Buna baxmayaraq, nəyisə etməyi arzulayırıqsa, daha yaradıcı olmalıyıq. İllərdir futbolçularımdan tələbim odur ki, hücumda ola-ola düzgün müdafiə olunaq. Dediyim kimi, reallıq var. Rəqib də bu barədə düşünür. Rəqib futbolçuların ustalığı, keyfiyyəti bəzən bizim istəklərimizi üstələyir. Sabah məğlub olsaq belə, azarkeşlərin daha yaxşı, dinamik oyunun görməsini istəyirəm.

- “İmişli” ilə oyundan sonra komandanın “Nyukasl”la matça çətin hazır olacağını bildirmişdiniz. Hazırda vəziyyət nə yerdədir?

- Maksimum çalışırıq ki, komandanı oyuna hazır edək. Bir neçə gün öncəki olayları xatırlamaq lazım deyil. Futbolçularla da danışdıq ki, tez bir zamanda hazır olmaq lazımdır. Kənardan onlara baxıb analiz edirdim, pis hazırlaşmayıblar. Ola bilər ki, oyunun hansısa hissəsində yorğunluqları hiss olunsun, amma inanıram ki, güc toplayıb sonadək oynayacaqlar.

- “Nyukasl”ın Premyer Liqada son oyunlarda nəticəsi yaxşı hesab olunmur. Bu sizin işinizə yaraya bilərmi?

- İngiltərədə elədir ki, işlər yaxşı getmir deyə bir termin yoxdur. Bu liqa elədir ki, lider komanda ilə 15-ci sırada olan arasında fərq görünmür. Onların üstün tərəfləri budur. Bəzən bu ölkənin klubları daxili çempionatlarını Çempionlar Liqasından daha üstün tuturlar.

- Sabahkı oyunda Kadi ilə başlayacaqsınız, yoxsa Montiellə? Nəriman Axundzadənin yerinə iştirak ərizəsinə kimi əlavə edəcəksiniz?

- Kadi Borgesin geri dönməsi bizim üçün xoşdur. O, bizim əlimzidə əlavə bir variantdır ki, onun sayəsində hər hansı dəyişiklik edə bilərik. Tam heyətlə bağlı son məşqdən sonra qərar verəcəyik. Nəriman Axundzadənin əvəzinə iştirak ərizəsində yeni oyunçu olmayacaq. Onun yerinə yalnız akademiyadan kimisə əlavə edə bilərik. Koxalskinin isə sabahkı oyunda meydana çıxmaq ehtimalı yüksəkdir.