BAKI, 23 yanvar. TELEQRAF

Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalan “Qarabağ”ın futbolçularının xarici klubların diqqət mərkəzinə düşməsi gözlənilən idi. Elə bu səbəbdən istər Avropa, istərsə də Asiya klubları Ağdam təmsilçisinin qapısını döyür.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bu təkliflərin böyük əksəriyyəti “Qarabağ”ın diqqətini cəlb edəcək məbləğdən çox aşağı olur. Elə bu səbəbdən klub rəhbərliyi bu kimi təkliflərə ciddi yanaşmır.

Məsələ burasındadır ki, Qurban Qurbanov indiki heyəti qorumaqda israrlıdır. Buna görə təcrübəli mütəxəssis stabil komandanın heyətinin pozulmasını istəmir, üstəlik əlavə transferlərdə də israrlıdır.

Məsələn, Qurbanov Çin klubundan təklif gəldiyi bildirilən Bəhlul Mustafazadənin satılmasını istəmir. Çünki Ağdam təmsilçisi hazırda transfer etmək istədikləri mövqelərdən biri də müdafiənin mərkəzidir. Ötən ilin yayında Zaqreb “Dinamo”sundan 1 illik icarə əsasında heyətə cəlb olunan Semmi Mmaee avrokuboklar səviyyəsində çıxış edəcək səviyyədə deyil, hazırda Premyer Liqa oyunlarında meydana çıxır. O, bunadək ÇL-də iki dəfə təsnifat mərhələsinin oyunlarında 18 və 27 dəqiqə meydanda olub, Liqa mərhəlsəində isə “Napoli” ilə matçda 29 dəqiqə forma şansı qazanıb. 35 yaşlı Bədavi Hüseynovun da futbolçu karyerasının son illərini olduğunu nəzərə alsaq, deməli, “Qarabağ”da ən ümdə məsələ məhz bu mövqeyə transferdir.

Daim uzunmüddətli planlar üzərində işləyən Qurban Qurbanov belə halda Bəhlul Mustafazadənin başqa klubuna transfer olunmasına razılıq verəcəyi inandırıcı görünmür. Təbii ki, onu transfer etmək istəyən klub əgər “Barselona” və PSJ səviyyəsində deyilsə... Hə, bir də Bəhlula görə gələn təklif “Qarabağ” üçün fantastik və vazkeçilməz olmalıdır... Məsələn, 5 milyon avro. Açığı, bir klubun da azərbaycanlı futbolçu üçün o qədər pulundan keçəcəyi heç də inandırıcı görünmür.

Yəqin ki, Bəhlul Mustafazadənin özü də “Qarabağ”la Çempionlar Liqasında çıxış etməyi artıq yüksək pulların olmadığı, diqqətdən kənar qalan Asiyaya dəyişməz.