BAKI, 20 yanvar. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində İtaliya təmsilçisi “Napoli”nin futbolçusu Noa Lanqı heyətinə qatmağa hazırlaşır.
Teleqraf insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun icarəyə götürülməsi ilə bağlı A Seriyası klubu ilə razılıq əldə olunub.
“Napoli”nin UEFA Çempionlar Liqasında bu gecə “Kopenhagen”lə keçirəcəyi oyundan sonra keçidin rəsmiləşəcəyi planlaşdırılıb.
Transfer məcburi olmayan satınalma opsiyonu ilə nəzərdə tutulur. Opsiyon aktivləşərsə, məbləğin 20–25 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Noa Lanq ötən yay 25 milyon avro qarşılığında “Napoli”yə transfer olunaraq 2030-cu ilədək müqavilə imzalayıb. “Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.