BAKI, 25 noyabr. TELEQRAF
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XII turunun oyunlarında baş verənlərlə bağlı qərarlar qəbul olunub.
Doğma meydanda "Kəpəz"ə 1:2 hesabı ilə uduzan "Karvan-Yevlax" beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, meydançaya kənar şəxs daxil olduğu üçün 2500 manat, meydançaya kənar əşyalar atıldığına görə 2000 manat, azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə isə 5000 manat cərimələnib.
Yevlax təmsilçisinin futbolçusu Vadim Abdullayev matçdan sonra mətbuata futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq diskvalifikasiya edilib.
"Sumqayı" evdə "Qarabağ"a 2:4 hesabı ilə uduzduğu görüşdə müdafiəçisi Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 500 manat ziyana düşüb. Futbolçuya isə 1 oyunluq cəza tətbir olunub.
"Araz-Naxçıvan" Sumqayıtda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada meydançaya kənar şəxs olduğuna görə 2500 manat cərimələnib.
Eyni matçda Tovuz təmsilçisi dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərinin isə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat cərimələnib.