BAKI, 9 oktyabr. TELEQRAF

İspaniyanın “Barselona” klubunun 30 iyun 2025-ci il tarixinə qədər olan maliyyə hesabatı açıqlanıb.

Teleqraf “A Bola” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi etdiyi transferlərə görə müxtəlif klublara hələ də 115 milyon avrodan çox borcludur.

Ən böyük borclar İngiltərənin “Lids” klubuna (Rafinya), Almaniyanın “Bavariya”sına (Robert Levandovski) və İspaniya təmsilçisi “Sevilya”ya (Jül Kunde) ödənilməlidir.

Rafinya üçün son İspaniya çempionu “Lids”ə 58 milyon avro ödəməyə razılaşsa da, bu məbləğin 41,9 milyon avrosu hələ də qalıb. Kataloniya təmsilçisi polşalı hücumçu Levandovski üçün isə “Bavariya”ya hələ 20 milyon avro borcludur. Fransalı müdafiəçi Kunde “Sevilya”dan 50 milyon avroya transfer olunub, lakin klub bu məbləğdən 24,5 milyon avronu hələ ödəməyib.

Hesabatda “Mançester Siti”yə Ferran Torres üçün 13,3 milyon avro, “Betis”ə Emerson Royal üçün 8 milyon avro, Levandovski ilə bağlı dəyişən bonuslara görə isə Polşa və Almaniya klublarına 6 milyon avrodan çox borcun olduğu qeyd edilib.

Eyni zamanda, “Barselona”nın da 64,1 milyon avro məbləğində alacağı var. Niko Qonzalesin transferinə görə “Portu” 6,7 milyon avro, Kessiyə görə “Əl-Əhli” 4,1 milyon avro, Marlon üçün “Şaxtyor” 3,1 milyon avro, Pau Viktor üçün isə “Braqa” 3 milyon avro İspaniya təmsilçisinə ödəməlidir.