BAKI, 23 sentyabr. TELEQRAF

"İmişli" ilə oyundan sonra futbolçulara iki günlük istirahət verilmişdi. Guya maaş almamaları səbəbindən məşqə çıxmaqdan imtina etmələri ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan Premyer Liqası təmsilçisi “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov deyib.

Mütəxəssis komandanın maaş və mükafatlar ödənilmədiyi üçün məşqləri boykot etməsi barədə iddialara münasibət bildirib:

“Dünəndən etibarən məşqlərə başlamışıq. Bu gün səhər məşqimiz olub, axşam isə ikinci məşqimizi keçirəcəyik. İstəyənlər gəlib buna canlı şahid ola bilərlər. Klubun nə maaş, nə də mükafat borcu var. Çünki Premyer Liqanın V turunda “Şamaxı” ilə oyundan əvvəl maaşlarımız ödənilib. Ona görə deyilənlərin heç bir əsası yoxdur və reallığı əks etdirmir”.

Həşimov Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi”yə qarşı keçiriləcək görüşə hazırlıqlardan da danışıb:

“Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Bilirik ki, bizi “Neftçi”yə qarşı çox çətin oyun gözləyir. Matçın ağır keçəcəyini dərk edirik. Futbolçularımız da məsuliyyəti anlayır və oyuna böyük istəklə hazırlaşır. Xal və xallar qazanacağımıza ümid edirik”.

Qeyd edək ki, Yevlax təmsilçisi sentyabrın 27-də “Neftçi”nin qonağı olacaq. “Karvan-Yevlax” hazırda 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.