
GƏNCƏ, 25 aprel. TELEQRAF
Gəncənin sükut içindəki Yeni Səbiskar qəbiristanlığında zamanla unudulmuş, amma mərdlikləri yaddaşlarda iz qoymuş 19 qəbir sakitcə dayanır. Onların üstündə yüksələn memorial kompleks uzaq İspaniyadan Qafqaza qədər uzanan bir tarixə şahidlik edir. Bu məkanda 19 ispan və bir neçə rus pilotunun məzarı yerləşir.
1936-cı ildə İspaniyada baş qaldıran vətəndaş müharibəsi zamanı SSRİ bu ölkədəki respublikaçı tərəfi dəstəkləyirdi. Bu məqsədlə sovet ölkələrində ispan kursantları üçün hərbi hazırlıq məktəbləri yaradılırdı. 1937-ci ildə Gəncədə 20 saylı Hərbi Pilot Məktəbi məhz bu məqsədlə fəaliyyətə başlamışdı. Onun tikintisinə İspaniya hökuməti tərəfindən təxminən 3,5 milyon rubl maliyyə ayrılmışdı. 1938-ci ilin fevral ayının 1-dən etibarən burada 193 ispan kursant, Sovet İttifaqı Qəhrəmanı Ernest Şaxtanın rəhbərliyi altında təlimlərə başlayır.
Gəncədə kursantlara 5-6 ay müddətində pilotluqla bağlı ixtisaslaşdırılmış biliklər öyrədilir, praktiki məşğələlər keçirilirdi. Sovet hərbi məktəblərində təhsil alan 700-dən artıq ispan kursantın 500-dən çoxu məhz Gəncədə yetişdirilib.
Tarixi mənbələr göstərir ki, dəfn edilən 19 pilot təlimlər zamanı baş verən ağır hadisələr nəticəsində həlak olub. Belə faciələrdən biri kursant Fernando Eskamilyanın xatirə dəftərində təsvir edilib: “1938-ci ilin iyun ayı idi. Kursant Xulian De La Rossa ukraynalı təlimatçı Derkaç ilə təlim uçuşunda idi. Təyyarəni yerə endirməyə çalışarkən qəfil yanğın baş verdi. Təlimatçı dərhal paraşütlə tullanmağı əmr etdi. Kursant əmri eşitsə də, şokdan yerində donub qaldı. Sonda təlimatçının təzyiqi ilə o, paraşütlə tullandı və canını qurtardı. Lakin təlimatçı Derkaç hadisədən sağ çıxmadı”.
Pilotların məzarları aypara şəklində düzülüb. Kompleksin mərkəzində isə “Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş ispan və sovet təyyarəçiləri” sözlərinin yazıldığı lövhə ucalır. Səbiskar Dəfn Xidmətləri MMC-nin direktoru Ələddin Hüseynovun sözlərinə görə, bu memorial kompleks 1978-ci ildə tikilərək həmin pilotların xatirəsinə həsr olunub.
Ələddin Hüseynov qeyd edir ki, 2019-cu ildə ispan təyyarəçilərin övladları və nəvələri bu məkanı ziyarət ediblər, sonralar isə mütəmadi olaraq gəlməyə davam ediblər: “Memorial kompleks daim diqqət mərkəzindədir. Həmişə təmiz saxlanılır, zədələnmiş hissələri bərpa olunur. Bu kompleks göstərir ki, xalqımız tolerant və unudulmaz dəyərlərə sahib bir xalqdır”.
Əlavə olaraq bildirək ki, Gəncə şəhər 30 saylı orta məktəbdə ispan təyyarəçilərinin xatirəsinə həsr edilmiş muzey də fəaliyyət göstərir.
Muzeydə onların fotoşəkilləri, təlimatçıların və kursantların hərbi geyimləri, təyyarə modelləri və dövrün qəzet materialları sərgilənir.