BAKI, 22 aprel. TELEQRAF

İntensiv yağıntılar nəticəsində müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xidmətdən Teleqraf-a verilən məlumatına görə, rayonlar üzrə sukanal idarələrinin işçi heyətləri yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, eləcə də fəaliyyətinin bərpası istiqamətində fasiləsiz və müntəzəm işlər həyata keçirir.

Məlumata görə, paytaxtın bəzi ərazilərində, xüsusən də tullantı su şəbəkəsi olmayan yaşayış məntəqələrində çətinliklər daha çox müşahidə olunur. Belə ərazilərdə sakinlər göl kənarlarında məskunlaşıb və tullantı sularını birbaşa həmin göllərə axıdırlar. Yağıntılar və qrunt sularının artması nəticəsində bu göllərdə su səviyyəsi yüksəlir, bu da həyətlərin və evlərin su altında qalmasına səbəb olur.

Son günlər Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən göllərdə suyun səviyyəsinin kəskin artması nəticəsində qəsəbənin Birinci Massiv adlanan ərazisində bəzi mənzillər və həyətlər subasmaya məruz qalıb. Problemin operativ həlli üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları əraziyə cəlb olunub və xüsusi texnikalarla suyun çəkilməsinə başlanılıb. Hazırda 2 ədəd 800 mm-lik, 1 ədəd 500 mm-lik təxliyyə xətləri və suçəkən maşınlar vasitəsilə gölün səviyyəsinin aşağı salınması işləri aparılır.

Qaradağ rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanov bildirib ki, xüsusi texnikalar vasitəsilə göllər arasında əlaqə təşkil edən keçidlər təmizlənib, göldə su səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər davam etdirilir:

“Bundan başqa Birinci Massivdə yerləşən həyət evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə yığılan yağış suları xüsusi texnikalarla çəkilərək kənarlaşdırılır. Hazırda da bu istiqamətdə tədbirlər görülür”.

Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.