BAKI, 10 fevral. TELEQRAF
"Yerasx-Axurik dəmir yolu Rusiyanın yurisdiksiyası altında olduğundan investorlar və tərəfdaşlar Qars-Dilicu marşrutunu daha əlverişli hesab edirlər. Bu, bizim üçün problemdir, çünki məlum olur ki, rəqabət üstünlüklərimizi itiririk. Biz rusiyalı tərəfdaşlarımıza müraciət etmişik, amma burada çox vacib bir praktik məsələ var. Əgər Rusiya Sədərək-Yerasx dəmir yolu layihəsinə investisiya həyata keçirmək istəməsə, biz bu hissələri geri alacaq və hamısını özümüz həyata keçirəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan televiziyaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dəmir yolunun Zəngilandan, daha sonra isə Naxçıvandan Meğriyə daxil olacağı göz qabağındadır: "Beynəlxalq kontekstdə bu marşrutun necə davam edəcəyi çox vacibdir. İndi iki rəqabətli variant var. Bilirsiniz ki, Türkiyə və Azərbaycan Qarsdan Naxçıvana yeni dəmir yolu tikintisi layihəsini elan ediblər. Rusiyalı tərəfdaşlarımıza böyük hörmətimiz var, amma fakt budur ki, gərgin beynəlxalq kontekstə, özümüzə məxsus dəmir yolumuzun Rusiya Federasiyasının nəzarəti altında olmasına görə burada rəqabət üstünlüyümüzü itiririk. Burada nə edəcəyimiz barədə düşünməliyik. Bu, 1-2 ilin məsələsi deyil. Biz həll yolu tapmalıyıq və bunu dostluq, qardaşlıq, mehribanlıqla tapmalıyıq”.
Qars-Dilicu dəmir yolunun tikintisinə bir neçə milyard dollar sərmayə qoyulduğunu qeyd edən Paşinyan deyib: “Mən bu sualı həm Türkiyə, həm də Azərbaycan prezidentlərinə, tərəfdaşlarımıza verdim və dedim ki, baxın, biz razılaşmaya doğru irəliləyirik, dəmir yolu Ermənistandan keçir, niyə artıq mövcud olan bir şeyə bir neçə milyard xərcləyirsiniz? Əlbəttə ki, onlar bu suala diplomatik sükutla cavab verdilər. Lakin beynəlxalq müzakirələri görəndə başa düşürük ki, əsas problem budur. Hansı həll yolları tapmalı olduğumuzu başa düşməliyik, çünki bu, Ermənistanın uzunmüddətli strateji maraqları ilə bağlıdır”, - deyə Baş nazir vurğuladı.
Erməni Baş nazir əlavə edib ki, TRIPP Ermənistanda həyata keçirilən investisiya proqramıdır, Azərbaycanda TRIPP yoxdur:
"Ermənistan-Azərbaycan münasibətlərində iqtisadiyyatın siyasəti üstələdiyini görürük. Dünən Venslə sərhəd məsələsini, regional gərginlik barədə danışmadıq, bu da gündəlikdə belə bir məsələnin olmadığını göstərir. Əlbəttə ki, münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər var və onlar təbii olaraq müzakirə olunub".
TRIPP layihəsi ilə bağlı Paşinyan bunları deyib: “Biz TRIPP-i investisiya proqramı kimi qəbul etməliyik. Bu, 8 avqustda siyasi bəyannamə idi, indi isə investisiya proqramına çevrilib və ABŞ bu investisiya fəaliyyətinə rəhbərlik edəcək. Biz investorun mümkün qədər çox insanın bundan faydalana bilməsi üçün yüksək keyfiyyətli və ən cəlbedici xidmətləri göstərmək istəyini dərk etməliyik. Sərhəd keçid məntəqələrində, ümumiyyətlə insan olmaya bilər, amma süni intellekt, ən müasir avadanlıqlar ola bilər. Hər iki ölkədə sərhəd keçid məntəqələri ölkələrin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək. Nəqliyyat marşrutlarına və kommunikasiyalara qarşılıqlı şərtlərlə çıxış olacaq".