BAKI, 9 fevral. TELEQRAF

ABŞ ilə Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb.

Teleqraf xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb.

***

19:00

Prezident Sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti J.D. Vens arasında təkbətək görüşdən sonra geniş tərkibdə görüş olacaq.

Teleqraf xəbər verir ki, görüşdə Ermənistan tərəfini Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan, Baş nazirin aparat rəhbəri Araik Harutyunyan, xarici əlaqələr şöbəsinin müdiri Karen Qasparyan, eləcə də baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan təmsil edəcək.

Amerika tərəfini isə vitse-prezidentin aparat rəhbəri Ceykob Riz, milli təhlükəsizlik üzrə müşavir müavini Endryu Beyker, dövlət katibinin iqtisadi artım, enerji və ətraf mühit üzrə müavini Ceykob Helberq, Dövlət Departamentinin baş müşaviri Conatan Askonas, vitse-prezidentin Avropa və Rusiya məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, sülh missiyaları üzrə baş müşavir, xüsusi elçi Arye Laytstoun və ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen təmsil edəcək.

***

18:16

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Görüş İrəvanın Baqramyan prospektində yerləşən prezident rezidensiyasında keçirilir.

Qeyd edək ki, ABŞ vitse-prezidenti İrəvandan sonra Bakıya gələcək.

Vensin səfəri çərçivəsində ikitərəfli əməkdaşlıqla yanaşı, sülh məsələsi, regional təhlükəsizlik və TRIPP layihəsi müzakirə olunacaq.