Qubadlıda Azərbaycan ordusunun məhv etdiyi 16 əsgər və 2 zabitin işi üzrə İrəvanda keçirilən məhkəmə iclasında gərgin anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, məhkəmədə zərərçəkmiş kimi tanınan valideynlərdən biri üzünü təqsirləndirilən polkovnik-leytenant Veranyana tutaraq "siz türklərə satılmısız" ifadəsini işlədib.
Zərərçəkən məhkəmə zalından çıxarılıb.
Gorus qarnizonunun hərbi prokurorluğunun irəli sürdüyü ittihama görə, Andranik Veranyan Azərbaycanla 44 günlük müharibədə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Veranyan barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb. O, bu ittihamlar üzrə 7 ildən 13 ilə qədər həbs cəzası ala bilər.
İttihamnamədə o 2-si zabit olmaqla, 18 hərbçinin ölümündə təqsirli bilinir.
Məlumata görə, müharibə vaxtı hərbçilərin Cəbrayıldan çıxarılması zamanı komandir Taron Nikoqosyan əsgərlərin yük maşınından düşürülməsinə qərar verib. Həmin vaxt polkovnik-leytenant, hərbi hissə komandirinin döyüş hazırlığı üzrə müavini Andranik Veranyan gəlib və dayanmaq əmri verən Nikoqosyanla mübahisə edib. Ona yuxarıda Azərbaycan PUA-larının uçduğunu, bunun hərəkətdə olan yük maşını üçün təhlükəli olduğunu deyiblər.
Veranyan irəliləmək əmrini verib, bundan sonra PUA zərbə endirib, nəticədə 18 hərbçi ölüb.