BAKI, 8 iyul. TELEQRAF
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib.
Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 12-ci iclasında müzakirə aparılıb.
İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Rumıniyanı Energetika Nazirliyinin dövlət katibi Kristian Buşoy, Macarıstanı isə İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Andraş Tot təmsil ediblər.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələrimizin ortaq siyasi iradəsinin, strateji tərəfdaşlığının və qarşılıqlı etimadının bariz nümunəsidir:
“Texniki-İqtisadi Əsaslandırmanın uğurla tamamlanması ilə layihəni planlaşdırma mərhələsindən inkişaf və icra mərhələsinə keçiririk. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, ölkəmiz yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin layihəyə dəstəyi isə bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyi və yaşıl enerji keçidi baxımından strateji əhəmiyyətinin yüksək siyasi səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir. Birgə səylərimiz nəticəsində bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşıl enerji keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.”
Qeyd edək ki, tərəflər arasında növbəti iclas bu ilin noyabrında Rumıniyada keçiriləcək.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.