BAKI, 1 iyul. TELEQRAF
Bu gündən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir.
Bu barədə Teleqraf-a “BP Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç - Azərbaycan, Gürcüstan və Türkiyə - hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir.
Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır. Ötürülmə “Səngəçal” terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, hər üç ölkədəki bütün ayrıca BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi fəaliyyətləri əhatə edir.
“Səngəçal” terminalının operatorluğu dəyişməz qalır - bp bu obyektin operatorluğunu icra etməkdə davam edəcək. “BTC Co.” şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.
Qeyd edək ki, bundan əvvəl müvafiq sazişlərə uyğun olaraq, 8 iyun 2026-cı il tarixindən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərindəki obyektləri müvafiq olaraq Azərbaycan (SMO) və Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası – GOGC) hökumətləri adından çıxış edən qurumlara geri təhvil verilib.
“SOCAR Midstream Gas Operations” MMC (SOCAR MGO) 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur və bu müddət ərzində, BTC və CQBK üzrə ümumi fəaliyyətlərin idarə edilməsi SOCAR və bp arasında möhkəm əməkdaşlığa söykənib.
Xatırladaq ki, uzunluğu 1768 km olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib.
İndiyədək BTC boru kəməri vasitəsilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilmiş, 6271 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.