BAKI, 30 iyun. TELEQRAF
İstismara verildiyi tarixdən indiyədək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 99.6 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Teleqraf xəbər veri ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəql edilən qazın 39.6 milyard kubmetri Türkiyəyə ixrac edilib.
TANAP-la indiyədək 97 milyard kubmetr qaz nəql olunub
Qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, 2026-cı il iyunun 1-dək TANAP vasitəsilə ümumilikdə 97 milyard kubmetr təbii qaz nəql edilib. Ötürülən qazın 38 milyard kubmetri Türkiyəyə, 59 milyard kubmetri isə Avropaya çatdırılıb.
Xatırladaq ki, bu gün "Şahdəniz 2" layihəsi çərçivəsində TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılmasından 8 il ötür. TANAP Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olmaqla Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlini təmin edir. Boru kəmərinin ümumi uzunluğu 1 811 kilometrdir. Layihənin hazırkı illik ötürücülük gücü 17,5 milyard kubmetr, potensial illik ötürücülük gücü isə 31 milyard kubmetr səviyyəsində qiymətləndirilir. Kəmərin diametri əsas hissələrdə 56 və 48 düym, Mərmərə dənizindən keçən hissədə isə 36 düym təşkil edir.