BAKI, 7 iyun. TELEQRAF
OPEC+ alyansının yeddi aparıcı ölkəsinin bu gün keçiriləcək iclasda iyul ayı üzrə neft hasilatı kvotalarını gündəlik 188 min barel artırmaq barədə qərar qəbul edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, planlaşdırılan artım iyun ayı ilə müqayisədə gündəlik 188 min barel təşkil edəcək. Bu göstərici iyun ayı üçün qəbul edilmiş qərarla eynidir. Agentlik qeyd edir ki, may və aprel aylarında artım daha yüksək olmuşdu ki, bu da BƏƏ-nin OPEC və OPEC+ çərçivəsindəki kvota dəyişiklikləri ilə əlaqədardır.
Mənbələrin sözlərinə görə, yekun qərar hələ qəbul edilməyib və müzakirələr davam edir.
"Reuters" həmçinin bildirir ki, OPEC+ nazirlərinin bugünkü toplantısında neft hasilatı siyasətinin dəyişdirilməsi ilə bağlı əlavə qərarların qəbul olunacağı gözlənilmir.
Qeyd edək ki, Bu gün OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası, OPEC+ nazirlərinin görüşü, OPEC ölkələrinin toplantısı və alyansın əsas iştirakçılarının ayrıca görüşü keçiriləcək.