BAKI, 1 iyun. TELEQRAF

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarını başladıb.

BP-Azerbaijan” şirkətindən Teleqraf-a verilən məlumata görə, bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu ilkin hasilatla yanaşı, lay-kollektor və axın haqqında vacib məlumatların əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılan və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.