BAKI, 13 may. TELEQRAF
Aralıq dənizi və Xəzər regionlarında xam neftin qiymətləri apreldə Asiya və Avropadan gələn tələbin dəstəyi ilə əhəmiyyətli dərəcədə artıb.
Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.
Bildirilib ki, qiymətlər emal müəssisələrinin Yaxın Şərqdən məhdudlaşan tədarüklərə alternativ axtardığı üçün yüksəlib. Aprelin ikinci yarısında isə tələbin artım tempi zəifləyib ki, bu da qiymətlərin yumşalmasına səbəb olub.
“Saharan Blend” və “Azeri BTC” markalı neftlərin qiyməti aylıq müqayisədə müvafiq olaraq 4,62 dollar və 7,02 dollar artaraq “North Sea Dated” etalon göstəricisinə nisbətdə 8,99 dollar və 14,35 dollar yüksək olub. “CPC Blend” markalı Qazaxıstan neftinin qiyməti də aylıq müqayisədə 4,40 dollar artaraq “North Sea Dated” göstəricisinə nisbətdə 6,65 dollar yüksək olub.
Bundan əlavə, ötən ay Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac aylıq müqayisədə 70 min barel/sutka və ya təxminən 13% artaraq orta hesabla 588 min barel/sutka təşkil edib. Ümumilikdə, kəmər vasitəsilə ixrac həcmi ötən ilin eyni dövrünün səviyyəsinə uyğun olub.