BAKI, 30 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi təşkilatın neft hasilatını tənzimləməklə qiymətlərə nəzarət imkanlarını zəiflədəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Bildirilib ki, BƏƏ uzun müddətdir narazı olduğu kvotalardan azad olaraq, bazarda müstəqil və çevik oyunçuya çevriləcək.
Agentliyinin yazdığına görə, Hörmüz boğazının bağlanması səbəbindən BƏƏ və Fars Körfəzi regionundakı hasilat məhdudlaşıb.
“Xammala qlobal tələbatın kəskin artması fonunda OPEC kvotalarınının faktiki olaraq mənası qalmır. Bununla belə, ixrac bərpa edildikdən sonra əmirliklərin təşkilatı tərk etməsi bazar payı uğrunda yeni rəqabət və qiymət müharibələri üçün zəmin yarada bilər. Rəsmilər artıq hasilatın artırılması niyyətini ifadə edirlər.
Son illərdə ABŞ-dan neft tədarükünün artması fonunda təşkilatın təsir imkanları zəifləyib. Özünü qlobal bazarın əsas tənzimləyicisi hesab edən Səudiyyə Ərəbistanı isə qrup daxilində intizamı qorumaqda çətinlik çəkir. Son on ildə bir neçə kiçik üzv də təşkilatı tərk edib”.
Əvvəllər OPEC+ ittifaqının əsas gücü bazarı balanslaşdırmaq üçün tələb azaldıqda hasilatı məhdudlaşdırmaq idi. İndi bu məsuliyyət əsasən Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla daha məhdud ölkələr qrupunun üzərinə düşəcək. Bununla yanaşı, İraq, Qazaxıstan və Rusiya kimi iştirakçıların intizama sadiqliyi daha zəif qiymətləndirilir.
Səudiyyə Ərəbistanı bazar payını itirməsi ilə bağlı narazılığını ifadə edib. Ötən il Ər-Riyad strategiyasını kəskin dəyişərək tədarükü artırmağa qərar verib və uzun illər davam edən qiymətləri dəstəkləmə siyasətindən imtina edib.
Ekspertlər qarşısında isə əsas sual BƏƏ-nin hasilatı real olaraq nə qədər artıra biləcəyidir. Analitiklər və treyderlər hesab edir ki, ölkə müharibədən əvvəl də demək olar maksimum gücü ilə işləyib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, fevralda BƏƏ gündəlik 3,64 milyon barel neft hasil edib ki, bu da rəsmi göstəricilərdən xeyli yüksəkdir. Bəzi treyderlər real həcmin daha çox olduğunu düşünür.
Mütəxəssislərin fikrincə, OPEC üçün əsas sınaq bazarın yenidən tənzimlənməyə ehtiyac duyduğu vaxt baş verəcək. Lakin İranla bağlı münaqişənin nəticələri o deməkdir ki, Hörmüz boğazı açılsa belə, dünya uzun müddət hər bir barel neftə ehtiyac duyacaq. Təklif artıqlığının yaranması və ciddi nəzarət tələb etməsi isə yalnız uzun illər sonra mümkün ola bilər.