BAKI, 21 aprel. TELEQRAF

Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 36,5 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 23,5 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.

Elektrik enerjisinin 15,9 milyon kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub. Külək və günəş enerjisi birlikdə ümumi elektrik enerjisi istehsalının 12 faizini təşkil edib.