BAKI, 17 aprel. TELEQRAF

2026-cı ilin 1-ci rübündə Azərbaycanda 6 milyard 991 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən Teleqrqf-verilən məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 510,5 milyon kilovat-saat, digər mənbələr üzrə isə 414,5 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 247,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 91,3 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 milyon kilovat-saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 milyon kilovat-saat təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 76,8 milyon kilovat-saat (İES-lərdə 5 milyard 558,6 milyon kilovat-saat, SES-lərdə 508,1 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 10,1 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon kilovat-saat, idxalı isə 35 milyon kilovat-saat olub.