BAKI, 10 mart. TELEQRAF

Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt güdəlik hasilatı 6,7 milyon barel azaldıblar. Bu həcm Yaxın Şərqdəki münaqişədənəvvəl sözügedən ölkələrin ümumi hasilatının təxminən üçdə birinə bərabərdir.

Teleqraf "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 2–2,5 milyon barel, BƏƏ 500–800 min barel, Küveyt 500 min barel, İraq isə təxminən 2,9 milyon barel azaldıb.

Nisbi baxımdan ən böyük azalma İraqda qeydə alınıb – təxminən 60%. Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt isə fevraldakı istehsal səviyyəsi ilə müqayisədə hasilatı 20–25% azaldıblar.

Nəticədə qlobal neft tədarükü artıq təxminən 6% azalıb, eyni zamanda İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırması ilə bağlı vəziyyət hələ də həllini tapmayıb.

“Biz əvvəllər də fasilələrlə qarşılaşmışıq, lakin bu regionun neft-qaz sənayesi tarixində ən böyük böhrandır”, – deyə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun baş icraçı direktoru Amin Nasser bildirib.

Onun sözlərinə görə, hasilat və tədarükdəki hazırkı pozuntu ciddi zəncirvari reaksiyaya səbəb olub. Bu, təkcə gəmiçilik və sığorta sahəsinə deyil, həmçinin aviasiya, kənd təsərrüfatı, avtomobil sənayesi və digər sahələrə də “domino effekti” ilə təsir göstərib.

“Hazırkı vəziyyət nə qədər uzun davam edərsə, qlobal neft bazarları və dünya iqtisadiyyatı üçün nəticələri bir o qədər fəlakətli olacaq”, – deyə Nasser xəbərdarlıq edib.

Onun fikrincə, qlobal ehtiyatlar böhran başlamazdan əvvəl də son beş ilin minimum səviyyəsində idi, mövcud şəraitdə azalma qacılmaz olacaq. Nasser vəziyyətin sabitləşməsi üçün Hörmüz boğazında gəmiçiliyin bərpasını “tamamilə zəruri” adlandırıb, çünki sərbəst istehsal güclərinin əsas hissəsi məhz Yaxın Şərqdə cəmləşib.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişə regiondan neft tədarükündə fasilələrə və Avropa ilə Asiyada yanacaq qiymətlərinin artmasına səbəb olub. Dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında gəmiçilik demək olar ki, dayanıb. Bu fonda ən iri istehsalçılar anbarların dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıblar, bəzi şirkətlər isə fors-major vəziyyət elan ediblər.