BAKI, 6 mart. TELEQRAF
Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunmasa, yaxın 2–3 həftə ərzində neftin qiyməti bir barel üçün 150 dollara yüksələ bilər.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin energetika məsələləri üzrə dövlət naziri və milli neft-qaz şirkəti "QatarEnergy"nin baş icraçı direktoru Saad bin Şerida Al-Kaabi “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, son hücumlar səbəbindən boğazdan keçən gəmilər üçün təhlükə yüksəkdir:
“Gəmilərə qarşı hücumlar nəzərə alınarsa, boğazda hərəkət təhlükəlidir. Gəmiləri boğazdan keçməyə razı salmaq çətin olacaq”.
Qeyd edək ki, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Ebrahim Cabbar İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları səbəbindən Hörmüz boğazından gəmilərin keçidinin bağalanacağı açıqlayıb. Bununla belə Rəsmi Tehran boğazın hələ də açıq olduğunu iddia edir. Qərb mediası isə bunun əksini irəli sürür. Yeri gəlmişkən, dünya neft ixracının təxminən beşdə biri məhz bu boğazdan keçir.